Birləşmiş Millətlər Təşkilatı (BMT) Əhali Fondunun (UNFPA) məlumatına görə, 15 noyabr tarixinə dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.
Hafta.az-ın UNFPA-nın dərc etdiyi hesabata istinadən yazdığına görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir. Dünyada əhalinin artım sürəti yavaşlasa da, əhalinin 2100-cü ilədək artmağa davam edəcəyi gözlənilir.
Qeyd edək ki, 1970-ci illərdən bəri azalan dünya əhalisinin artım sürəti ilk dəfə 2020-ci ildə illik 1 faizdən aşağı düşüb.

Dünya əhalisi sayının 7 milyarddan 8 milyar nəfərə yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 il (2037-ci ilə qədər) olacağı gözlənilir.
Proqnozlara görə, Saharaaltı Afrikada əhalinin artımı yüksək sürətinə görə 2050-ci ilədək qlobal artımın yarısından çoxunu təşkil edəcək.
Getdikcə daha çox ölkədə əhalinin azalması yeni reallıq kimi üzə çıxsa da, gələcəkdə aktiv əhalinin azalması ilə üzləşən ölkələrin sayında artım olacağı proqnozlaşdırılır.
Bu gün 1990-cı ildəkindən daha az əhalisi olan 17 ölkə var ki, onların hamısı Şərqi Avropadadır. Cənubi Avropa və Şərqi Asiyada əhalinin sayının azaldığı bəzi ölkələr də var. Bu halın daha çox müşahidə edildiyi məsələn, Şərqi Avropa ölkələrində problemin başında azalan təbii artım və miqrasiya gəlir.

Dünya əhalisinin 7 milyarddan 8 milyar nəfərə yüksəlməsi ilə əhalinin artımının böyük hissəsi aşağı-orta və aşağı gəlirli ölkələrdə qeydə alınıb. Məlumata əsasən bu müstəvidəki ölkələrdə əhali 250 milyon nəfər artıb. Dünyada artacaq növbəti bir milyard insanın isə təxminən 900 milyon nəfəri yenə aşağı-orta və aşağı gəlirli ölkələrdə doğulacaq.
Bu il Çin əhalisinin pik həddə çatacağı, sonra isə azalmağa başlayacağı gözlənilir. 2023-cü ilədək Hindistanın Çini keçərək "dünyanın ən sıx məskunlaşdığı ölkə" olacağı təxmin edilir. Ümumiyyətlə, BMT-nin məlumatında dünyada artan 1 milyard insanın tən yarısının məhz Asiyadan olduğunu açıqlanıb.
Afrika əhalinin artımının ikinci ən böyük bölgəsidir ki, burada təxminən 400 milyon nəfərlik artım olub. Ümumiyyətlə, Qara qitə əhalisinin sayı 2038-ci ilədək 2 milyar nəfərə yüksələcək.
Avropada isə, önümüzdəki dövrdə əhali artımı azalan istiqamətdə olacaq.
Son bir milyardlıq artımdan ən çox pay alan üç ölkə isə bunlardır: Hindistan 170 milyon, Çin 73 milyon və Nigeriya 60 milyon nəfər.